Azərbaycanda daha çox bu ölkələrin diplomları tanınmır

Azərbaycanda daha çox bu ölkələrin diplomları tanınmır

2016-12-02 13:15   23   Mənbə : www.xezerxeber.com

Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlar arasında daha çox MDB ölkələrinin - Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrinin diplomları çoxluq təşkil edir.

"Xəzər Xəbər"in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2007-ci ildən bu günə qədər nazirliyə 25 mindən çox xarici ölkə diplomlarının tanınması ilə bağlı müraciətlər daxil olub: "Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb. Nostrifikasiya ilə əlaqədar müvafiq dövlət orqanlarından şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Ancaq diplomların tanınmaması onun saxta olması demək deyil. Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsaiti, həm də zamanı sərf olunur. Onun əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın".

S. Vəliyev xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda distant təhsil mexanizm olaraq mövcud deyil: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq tanınır”. 

Xezerxeber.az

xeberler app

Xəbər lenti