İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

2016-12-02 15:31   20   Mənbə : www.xeberler.az

Sadıx Nəbiyev çıxışında patent və əqli mülkiyyət hüquqlarının tətbiqinin onun qorunmasından daha önəmli amil olduğunu bildirib.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) üzrə “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar təşkil olunub.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, tədbir AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurasının, Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, gənc alim və mütəxəssisləri, magistrantları, bölmənin elmi-tədqiqat və innovasiya sahəsində çalışan mütəxəssisləri və layihə müəllifləri, eləcə də beynəlxalq proqramlarda iştirak edən milli əlaqələndiriciləri iştirak ediblər.

AMEA İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev giriş nitqində bildirib ki, seminarın əsas məqsədi elm-istehsalat əlaqələrinin genişlənməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələr, o cümlədən AMEA Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır.

Vüqar Babayev daha sonra Akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib.

Şöbə müdiri BTEB-nin alim və mütəxəssislərini AMEA-nın yeni yaradılan Yüksək Texnologiyalar Parkının gələcək fəaliyyətində yaxından iştiraka, öz innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.

Sonra İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev “AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi şöbənin innovasiya fəaliyyətindən, Akademiyada elmin kommersiyalaşdırılması üzrə görülən işlərdən danışıb. Samir Vəliyev Yüksək Texnologiyalar Parkının gələcək inkişafı üçün innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

AMEA Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev “Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu” adlı məruzəsində əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sadıx Nəbiyev çıxışında patent və əqli mülkiyyət hüquqlarının tətbiqinin onun qorunmasından daha önəmli amil olduğunu bildirib.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, ERC və HORIZON 2020-də Milli əlaqələndirici (NCP), fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev təqdimatla çıxış edərək beynəlxalq proqram və layihələrdə iştirak imkanları və prinsiplərindən danışıb.

Avropa Komissiyasının HORİZON-2020 çərçivə proqramlarında iştirakın zəruriliyini vurğulayan E.Səbziyev alim və mütəxəssislərlə adıçəkilən çərçivə proqramında iştirak etmə qaydaları, müsabiqələr, sənədləşdirmə və konsorsiumların yaradılması kimi vacib məlumatları bölüşüb.

Xeberler.az

xeberler app

Xəbər lenti