İran parlamentində ABŞ məhsullarının idxalına qadağa qoyulması haqqında layihə hazırlanıb

İran parlamentində ABŞ məhsullarının idxalına qadağa qoyulması haqqında layihə hazırlanıb

2016-12-02 13:41   21   Mənbə : www.apa.az

ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsindən sonra İran əks addımlar atmağa hazırlaşır.

APA-nın Tehran bürosunun xəbərinə görə, parlamentdə 145 millət vəkilinin imzası ilə ABŞ istehsalı olan məhsulların idxalının qadağan olunması haqqında qanun layihəsi hazırlanıb. Parlamentinin “Ümid” fraksiyasının sədr müavini Məhəmmədrza Tabeş deyib ki, layihə parlament komissiyalarında müzakirə olunaraq təkmilləşdiriləcək: “Gözlənilir ki, parlament nümayəndələri layihənin qəbuluna səs verəcəklər”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına münasibət bildirib: “ABŞ Senatı və Nümayəndələr Palatasında İrana qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar Hərtərəfli Birgə Fəaliyyət Planına, Amerikanın beynəlxalq hüquq çərçivəsində digər ölkələrin daxili və beynəlxalq məsələlərinə müdaxilə etməyəcəyinə dair üzərinə götürdüyü öhdəliklərə ziddir”.

B. Qasimi deyib ki, ABŞ hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirməyə borcludur: “Amerikanın daxilində siyasi dəyişikliklər və iki qurumun arasındakı çəkişmələr bu ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına əsas ola bilməz. ABŞ prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planı əsasında qəbul edib ki, bütün səlahiyyətlərindən istifadə edərək bu plana zidd bütün qərarların icrasının qarşısını alacaq. İran beynəlxalq razılıqlara əməl edir, lakin ehtimal olunan hər situasiya üçün lazımi tədbirləri nəzərdə saxlayıb. Hər bir şəraitdə İran xalqının hüquqlarını tədbirli, güclü və daha təsiredici vasitələrlə qorumağa lazımi hazırlığımız var”. 

Bugünə aid digər xəbərlər

xeberler app

Xəbər lenti