Metropolitenin komandası kubokun sahibi olub (FOTO)

Metropolitenin komandası kubokun sahibi olub (FOTO)

2016-12-02 16:04   18   Mənbə : www.trend.az

Bakı. Samir Əli - Trend:

"Zenit" İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların əməkdaşları arasında "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında keçirilən respublika spartakiadası başa çatıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, cəmiyyətin Respublika Şurası tərəfindən keçirilən sayca 19-cu idman bayramı Dövlət Müstəqilliyi Gününə həsr olunub.

Metropolitençilər son 3 ildə yarışların ümumi komanda hesabında iki dəfə qalib gəlib və bir dəfə ikinci yeri tutublar. Budəfəki spartakiada da metropolitençilər yarış proqramına daxil olan 10 idman növünün hamısında iştirak etməklə birinci yerə layiq görülüblər və spartakiadanın kubokunun sahibi olublar.

"Bakı Metropoliteni" QSC-də kubokun təqdim olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çixış edən Metropolien İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov qeyd edib ki, yarışlara cəlb olunan 49 işçidən 44-ü mükafata layiq yer tutub. Bu onu göstərir ki, bədən tərbiyəsi və idmana metropolitendə böyük önəm verilir.

Metropoliten nümunəvi idman infrastrukturuna, sağlamlıq obyektlərinə malikdir. "Nərimanov" elektrik deposunda mini-futbol, voleybol, tennis meydançası, sağlamlıq mərkəzi fəaliyyət göstərir. "Bilgəh" istirahət zonasında mini-futbol, voleybol, çimərlik voleybolu, basketbol meydançaları, açıq havada iri fiqurlu şahmat lövhəsi istirahətə gələnlərin ixtiyarına verilib.
Spartakiadanın nəticələrinə gəldikdə, metropolitenin futbol komandası bütün rəqiblərindən üstün nəticə göstərib. Eyni uğura tennisçilər, nərd və qol güləşi ustaları, damaçılar nail olublar. Voleybol komandası, kəndirdartanlar və daşqaldıranlar ikinci yeri tutublar. Şahmatçılar isə yarışları üçüncü yerdə başa vurublar.

Tədbirdə çıxış edən "Zenit" İdman Cəmiyyətinin sədri Fazil Hadıbəyov spartakiadanın kubokunu MİHİ-nin sədri A.Mərdanova təqdim edib.

Təbdirdə yarışlarda fərqlənmiş idmançılara mükafatlar təqdim olunub.

xeberler app

Xəbər lenti