AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycan prezidenti: “İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır”

2017-09-03 16:48 | www.apa.az | 33

“Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Dövlət başçısı deyib ki, sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək: “Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılıb. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik. Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik. Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir. Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə “Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur”.

Prezident İlham Əliyev qeyd edib ki, iri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır: “Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etsin. Qeyd etdim ki, 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın”.

Dövlət başçısı nəzərə çatdırıb ki, 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib: “Eyni zamanda keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir”.

Bu kateqoriyadaki digər xəbərlər