AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycan prezidenti: “Dağətəyi ərazilərdə, yamaclarda sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır”

2017-09-03 16:56 | www.apa.az | 23

“Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanın 9 iqlim zonası var: “Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu - meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri yetişdirə bilərik. Ona görə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik”.

Prezident İlham Əliyev qeyd edib ki, əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb: “Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq. Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir. Toxumçuluğa da fikir verilməlidir. Burada bu məsələyə də toxunuldu. Bu da vacib məsələdir. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır”.

Dövlət başçısı bildirib ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır: “Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilib. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin. Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq. Bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək”.

Bu kateqoriyadaki digər xəbərlər