AZ EN RU TR

azerbaijan news app
Thumbnail

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib (FOTO)

2017-09-14 18:22 | www.trend.az | 8

Bakı. Trend:

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl açaraq bildirib ki, 15 sentyabr tarixinin qeyd edilməsi artıq ənənə halını alıb. Sevindirici haldır ki, bu prosesdə təşəbbüskar qismində çıxış edən təşkilatların sayı artır. ATXƏM, MŞ və Milli QHT Forumu hər il mövcud istiqamətdə tədbirlər keçirirlər: “Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir. Tədbirimiz bu şanlı tariximizi bir daha yada salmaq məramına köklənib. Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər”.

İ.İsmayıl onu da bildirib ki, Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun görkəmli sərkərdəsi Nuru paşanın rolu xüsusi vurğulanmalıdır. Bu istiqamətdə media vasitəsilə geniş təbliğat işi aparılmalıdır. Təbliğat ona əsaslanmalıdır ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır. İ.İsmayıl həmçinin çıxışında Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya ehtiram əlaməti olaraq ona Bakıda heykəl qoyulmasının zəruriliyi üzərində dayanıb və bu işin Bakının işğaldan azad edilməsinin 100 illiyinə gözəl hədiyyə ola biləcəyini diqqətə çatdırıb.

İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu çıxışında Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. O, ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açaraq bildirib ki, bu ordunun yerinə yetirdiyi vəzifənin cəmiyyətdə təbliğinə ehtiyac ortaq tarixi dəyərlərimizin yaşadılması, tarixi faktlara düzgün qiymətin verilməsi baxımından son dərəcə zəruridir.

Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçisi Nebahat Kirman, professor Güllü Yoloğlu və başqaları Qafqaz İslam Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar. Onlar həmçinin Bakının erməni-daşnaq işğalından qurtulmasında fədakarlığı ilə seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar. Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini məqsədəuyğun sayıblar.

Toplantıda həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində xidmətləri olan bir qrup şəxsə İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin mükafatları təqdim edilib.

Bu kateqoriyadaki digər xəbərlər