AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Şabranda antik əşyalar aşkarlandı – FOTO

2017-11-10 16:44 | www.oxu.az | 13

Şabran rayonu ərazisində antik dövrə aid tapıntılar əldə edilib.

Bu barədə Oxu.Az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil Çaqqallıqtəpə I yaşayış yerində bu il aparılmış qazıntılar zamanı ən maraqlı arxeoloji məlumatlar 4, 5 və 6-cı kvadratlardan əldə olunub.

İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun sözlərinə görə, tədqiqat kvadratlarının təbəqələrində çiy kərpicdən inşa edilmiş dördkünc, dairəvi və yarımqazma tipli tikililər aşkar edilərək, təbii torpaq örtüyündən təmizlənib.

“Tikililərin bəzilərinin mərkəzində yanları oval formalı düzbucaqlı manqal, təsərrüfat quyuları, bir və ya iki qulplu küpələrin qalıqları, bir neçə yerdə daxilində çoxsaylı çaxmaq daşı parçaları olan dairəvi oyuqlar, ortasında dördkünc kərpic yerləşdirilmiş dairəvi ocaq yerləri müəyyən edilib. Tədqiqatlar nəticəsində əldə olunmuş arxeoloji materiallar içərisində yenə də çoxsaylı sümük məmulatı diqqəti cəlb edir. Onların əksər qismi toxuculuqda istifadə olunmuş iynə, biz, iy başlıqlarından ibarətdir. Aşkar edilmiş keramika məmulatı içərisində klassik Kür-Araz mədəniyyəti nümunələri ilə yanaşı, Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisi üçün xarakterik olanları da vardır. Bu abidədən aşkar edilən keramika məmulatlarının bəzi nümunələri daha arxaik — xalkolit (eneolit) dövrünə aid olduğu ehtimal edilir. Çaqqallıqtəpə abidələrinin daş, sümük, saxsı məmulatı Qafqazın şimal-şərq bölgəsinin ilk tunc dövrü abidələri üçün xarakterikdir. Bu tip materialların oxşarlarına Xaçmaz rayonu ərazisindəki Sərkərtəpə, Dağıstan ərazisindəki Vəlikənd, Kabaz Kutan və s. abidələrdən rast gəlinir. Maraqlıdır ki, metal məmulatlar və onunla bağlı materiallar əldə olunmur. İlkin olaraq abidəni e.ə.IV minilliyin sonları və III minilliyin əvvəllərinə aid etmək olar. Qeyd edək ki, 2017-ci ildə bu ərazidə daha iki yaşayış yeri müəyyən edilmişdir və beləliklə, kompleksə daxil ilk tunc dövrü abidələrinin sayı 5-ə çatıb”.

S.Aşurovun sözlərinə görə, ekspedisiyanın ikinci tədqiqat obyekti Gəndov kəndi ərazisində Leyti kəndinə gedən torpaq yolun üstündə köhnə Samur-Abşeron kanalının sağ tərəfində, dəniz səviyyəsindən 115 m yüksəklikdə yerləşən Almastəpə abidəsi oldu.

“Abidənin əkin sahəsinə tərəf olan hissəsi təsərrüfat işləri ilə əlaqədar dağıdılmış və divar qalıqlarının, arasında güclü yanmış qatın göründüyü yarğan əmələ gəlmişdir. Bu hissədə qazıntı sahəsində iki tikinti qatının olduğu müəyyən edilib. Birinci təbəqə güclü dağılmış, azsaylı arxeoloji materiallar isə qarışıq şəkildədir.İkinci təbəqədə çoxsaylı sapand daşları, içərisində müxtəlif həcmli və formalı saxsı məmulat olan evin qalıqları aşkar edildi. Müşahidə göstərir ki, abidənin bu hissəsi güclü hücumdan sonra yanıb və sakinlər heç bir əşya götürmədən evi tərk ediblər.

Maraqlıdır ki, bu evin içərisindən əldə olunmuş saxsı məmulatı tərkibinə və formalarına görə bir-birindən fərqlənirlər. Onların heç birində dulus çarxının izləri müşahidə edilməyib. İri təsərrüfat küplərinin formaları diqqət çəkicidir. Dar ağızlı, xarici səthindən kəmərşəkilli yapma ilə əhatələnmiş, günbəz (umbon) formalı sonluqlara malik konusvari oturacaqlı küplər Azərbaycan ərazisindəki abidələrdən məlum deyildir. Ağzı novçalı kuzə və parç tipli qabların bənzərlərinə isə, Ağsu rayonundakı Nüydi materialları içərisində rast gəlinir”.

İlkin olaraq toplanmış yerüstü materialların təhlili və qazıntı materiallarına əsaslanaraq Almastəpə abidəsini antik dövrə (təqribən e.ə.VI-IV əsrlərə) aid etmək mümkündür.

Tapılmış artefaktların (saxsı məmulatlarının, sümük alətlərinin və b.) bərpası və onların qrafik təsvirlərinin hazırlanması üzərində çalışır, əldə edilmiş materialların müqayisəli-analitik təhlilini aparılır.

E.Ə.

Bu kateqoriyadaki digər xəbərlər