http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Şirinov qardaşları: Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya verdikləri yüksək qiymətə görə təşəkkür edirik (ÖZƏL) (FOTO)
image
2019-02-01 19:10

Bakı. Vüqar İmanov - Trend:

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

Dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

Trend-ə özəl müsahibədə Şirinov qardaşları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş barədə təəssüratlarını bölüşüblər.

Əslən Zərdab rayonundan olan, 15 ildir ki, Ukraynanın Nikolayev şəhərində kiçik bizneslə məşğul olan Şirinov qardaşları deyib: “Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya verdikləri yüksək qiymətə - “İgidliyə görə” medalına, diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk. Etiraf edək ki, Ukraynada bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyimizi deyəndə bu, bizim üçün gözlənilməz oldu. Biz hətta görüş zamanı da həyəcanlanırdıq. Biz hələ də baş verənlərə inana bilmirik. Biz azərbaycanlı olduğumuz üçün fəxr edirik və Ukraynada ölkəmizi layiqincə təmsil etməyə çalışırıq”.

Umudun sözlərinə görə, onlar bu gün Bakıya gəliblər, böyük hörmət və diqqətlə qarşılanıblar. Azərbaycan və Ukrayna KİV-lərində, eləcə də sosial şəbəkələrdə azərbaycanlı qardaşların qəhrəmanlıqları barədə çoxlu xəbərlər, statuslar və şərhlər var:

“Biz özümüzü qəhrəman hesab etmirik, sadəcə insanlıq borcumuzu yerinə yetirdik. Həmin an insanları ölümdən xilas etmək lazım idi, bir neçə dəqiqəlik imkan var idi. İki dəqiqə də gec olsaydı, avtomobil içindəki ailə ilə birgə alışıb yanacaqdı. O an biz özümüz, ailələrimiz barədə fikirləşmirdik. Təhlükə içində olan ailəni xilas etmək lazım idi və biz bunu etməyə çalışdıq”.

Sabir deyib ki, Azərbaycanın şanlı tarixində xatırlanan və hörmət bəslənən çox sayda qəhrəmanlar var:

“Görüş zamanı Azərbaycan Prezidenti bizdən hadisə barədə soruşdu. Biz danışdıq, cənab Prezident isə bildirdi ki, bu, qəhrəmanlıq addımıdır. Biz başqasının bədbəxtliyinə biganə qala bilməzdik, çünki biz azərbaycanlıyıq, bizə valideynlərimiz bu cür tərbiyə verib. Nikolayevdə də azərbaycanlılar böyük ailə kimi yaşayır, biz orada təxminən 14 min nəfərik, bir-birimizə kömək etməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Biz Ukraynada özümüzü evdəki kimi hiss edirik”.

Böyük qardaş Umud Trend-ə daha sonra belə bir əhvalat danışdı: “Evdə bu hadisə haqqında biləndə, hamı narahat olmuşdu. Anam isə dedi: “Oğlum, heç olmasa biriniz bu hərəkəti edərdiniz, biriniz da gözləyərdiniz” (gülür). Maraqlıdır, o, kimi nəzərdə tuturdu – məni, yoxsa Sabiri (gülür)? Anam əlbəttə ki, bizi itirməkdən qorxurdu. Hamı bizdən soruşur ki, biz həyatımızı riskə ataraq, bu hərəkəti necə etdik? Amma uşaq ağlayan anda, biz necə dayana bilərdik? Necə kömək etməyə bilərdik? Hər insan bu dünyadan gedəcək, hamıya müəyyən müddət verilib - əsas odur ki, hansı əməlləri edirsən. Etiraf edim ki, mən qıraqdan biganəliklə baxmaqdansa, ölməyə hazır idim, və bu yüksək sözlər deyil, bu, azərbaycanlının sözüdür”.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory